Texnologiya sürətlə inkişaf edir. Qəribə səslənsə də indiki kompüterlərin yüksək performansına kalkulyator kimi sadə cihazlardan çatmışıq. Kompüterlər bir neçə komponentin toplamıdır. Onların vacib hissələrindən biri də DDR RAM-dır.
Bəs o zaman DDR Ram nədir? Onların hansı növləri var? RAM nə iş görür? DDR3, DDR4 və DDR5 RAM’ların xüsusiyyətləri nələrdir? Bütün bu sualların cavablarına gəlin bir yerdə baxaq…
RAM Nə İşə Yarayır?
Əməli yaddaş qurğusu, yəni RAM (Random-access Memory) kompüterin iş prosesi üçün lazım olan məlumatları saxlayır. Bu məlumatlar, yəni verilənlər həm oxuna, həm də yazıla bilir. RAM-a müraciət diskə müraciətdən daha sürətlidir, ona görə də məlumatı oxumaq və yazmaq daha sürətli olur.
RAM kompüterlərin, planşetlərin, oyun konsollarının və smartfonların əsas komponentidir. RAM olmadan bu cihazlardakı proses çox yavaş gedər. Qeyri-kafi RAM oyunların və proqramların açılmasına mane olur. DDR konsepsiyası burada işə düşür…
DDR – Double Data Rate Nədir?
DDR RAM konsepsiyası hesablama dünyasında inqilab etdi. DDR ikiqat məlumat dərəcəsi deməkdir. İngilis dilində buna Double Data Rate deyilir.
2000-ci illərin əvvəllərində təqdim edilən DDR RAM məlumat ötürmə sürətini iki dəfə artırdı. Yəni DDR RAM hər saatda iki məlumat ötürür. Bu da yaddaş performansını ikiqat artırır.
DDR RAM’ların bir neçə növü vardır…
DDR RAM Növləri – DDR2, DDR3, DDR4 və DDR5 RAM
2002-ci ildən əvvəl istehsal edilmiş kompüterlər adətən sinxron DRAM (SDRAM) istifadə edirdi. Daha sonra double data rate funksiyasına malik əməli yaddaş qurğuları növləri ortaya çıxmağa başladı.
Dediyimiz kimi, ilk təqdim edilən DDR məlumat ötürmə sürətini iki dəfə artırdı. Onu daha az enerji istehlakı və daha yüksək sürətli DDR2 izlədi. DDR3 2007-ci ildə çıxdı və performans standartını yüksəltdi. DDR4 2014-cü ildə daha sürətli və daha səmərəli işləyərək səhnəyə çıxdı.
Ən son nəsil, DDR5, 2020-ci ildə təqdim edildi və performansını zirvəyə çatdırdı. Hər bir nəsil kompüterlərin sürətini və səmərəliliyini artıraraq texnologiyada inqilab etdi.
Günümüzdə DDR4 və DDR5 RAM’lar daha çox istifadə edilir. DDR2, DDR3, DDR4 və DDR5 RAM növlərinin hər birinin spesifik texniki xüsusiyyətləri vardır…
DDR2 RAM – Sadə İzah
DDR2 RAM, SDRAM-dan sonra və DDR3 RAM-dan əvvəl gələn kompüterlərdə istifadə edilən yaddaş növüdür.
Sələfi ilə müqayisədə o, performans və enerji səmərəliliyində təkmilləşdirmələr təklif edir. DDR2 RAM-ın texniki təfərrüatları bunlardır:
- Tezliyi: 200 MHz – 533 MHz
- Məlumat sürəti (Data Rate): 400 MT/s – 1066 MT/s (Meqa Transfer), məs. 400 MT/s Data Rate’ə malik RAM saniyədə 400 milyon məlumat ötürə bilir.
- Bant genişliyi (Bandwith): sürətdən asılı olaraq 3,2 GB/s’dən 8,5 GB/s’yə qədər
Onun 2 Modul tipi var: DIMM (Dual Inline Memory Module) və SO-DIMM (Small Outline DIMM). DIMM masaüstü kompüterlərdə istifadə olunur. Bu moduldakı pin sayı 240-dır. Notebook’larda istifadə olunan SO-DIMM də isə pin sayı 200-dür.
Tipik olaraq modul başına 512 MB-dan 2 GB-a qədər olan ölçülərdə mövcuddur. Ancaq bəzi konfiqurasiyalarda daha yüksək tutumlar mümkündür.
DDR2 RAM, DDR1 üzərində əhəmiyyətli performans artımı təmin edərək, onu öz dövründə kompüterlər və laptop’lar üçün məşhur seçim etmişdi. Onun yerini isə, daha yaxşı performans təklif edən DDR3 və DDR4 aldı.
DDR3 RAM – Daha Təkmil
Üçüncü nəsil DDR3 RAM DDR2 üzərində yüksək məlumat sürəti, daha yaxşı performans və aşağı enerji istehlakı kimi, əhəmiyyətli təkmilləşdirmələr təklif edir. DDR3 RAM-ın texniki təfərrüatları bunlardır:
- Tezliyi: 400 MHz – 1066 MHz
- Məlumat sürəti: 800 MT/s – 2133 MT/s
- Bant genişliyi: 6,4 GB/s – 17 GB/s
DDR3 RAM 1.5V enerji səmərəliliyinə malikdir. Yəni o, DDR2-nin 1.8 voltluq enerji istehlakından daha səmərilidir. Onun enerji istehlakını azaldan daha aşağı gərginlikli versiyaları da mövcuddur.
Modulların sayı onda da ikidir; yəni həm PC həm də laptop üçün, eynilə DDR2 RAM’da olduğu kimi. DDR3 RAM’larda da PC üçün olan moduldakı (DIMM) pin sayı 240, digərində isə, yəni laptop üçün olan modulda 200-dür. Modulların tutumu isə 1GB-dan 8GB-a qədərdir.
Bir sözlə, DDR3 RAM, xüsusilə oyun və digər multimedia proqramları kimi daha yüksək yaddaş ötürmə qabiliyyətindən faydalanan tətbiqlərdə DDR2 RAM ilə müqayisədə daha yüksək bant genişliyi və daha yaxşı performans təmin edir. Ancaq bu üstünlük DD4 RAM ortalığa çıxana qədər davam edə bildi…
DDR4 RAM – 25.6 GB/s Qədər Bant Genişliyi
2014-cü ildə istifdəçilərə tanıdlıan Double Data Rate funksiyasına malik dördüncü nəsil DDR4 RAM, performans və enerji səmərəliliyi baxımından daha da təkmilləşdirildi. Onun texniki detalları aşağıdakı kimidir:
- Tezliyi: 800 MHz – 1600 MHz
- Məlumat sürəti: 1600 MT/s – 3200 MT/s
- Bant genişliyi: 12.8 GB/s – 25.6 GB/s
Texniki xüsusiyyətlərindən də göründüyü kimi, o, 25.6 GB/s qədər bant genişliyilə daha çox şey vəd edir.
O, həmçinin, 10 – 18 saat dövrü arasındakı CAS Gecikməsinə (Column Address Strobe Latency) sahibdir. Yəni DDR4 RAM üçün 10 ilə 18 saat dövrü arasında dəyişən CAS Latency, RAM-in məlumat sorğularına nə qədər tez cavab verə biləcəyini göstərir.
Pin sayında da DDR3 ilə müqayisədə DDR4 RAM daha çox pin vəd edir. Beləki, DDR4 RAM’da DIMM modulunda, yəni PC üçün 288, laptop üçün olan SO-DIMM modulunda isə pin sayı 260-dır. Bu da əvvəlki nəsil olan DDR3-lə müqayisədə 20% artım deməkdir. Bu artım, xüsusilə gaming laptop’larda daha yüksək nəticə deməkdir.
DDR3 və DDR4 RAM modulları bir-biri ilə fiziki olaraq uyğun gəlmir. Onlar müxtəlif pin konfiqurasiyalarına malikdirlər və müxtəlif gərginliklərdə işləyirlər. Ona görə də siz əgər DDR3 RAM-nızı DDR4-lə əvəz etmək istəsəniz digər aspektləri (məs. ana plata və s.) nəzərə almalısınız.
Ancaq DDR3-dən DDR4-ə təkmilləşdirməyə bənzər olaraq, DDR4 və DDR5 RAM modulları da müxtəlif pin sxemləri və elektrik tələbləri səbəbindən bir-birini əvəz edə bilmir…
DDR5 RAM – Hələki Çempion
5-ci və hələki son nəsil olan DDR5 RAM Double Data Rate texnologiyasında hələki çempiondur. Özündən əvvəlki nəsillərlə müqayisədə onun təklif etdiyi imkanlar çox genişdir. Bu imkanlar texniki detallarda özünü belə göstərir:
- Tezliyi: 1600 MHz – 3200 MHz və daha çox
- Məlumat sürəti: 3200 MT/s – 8400 MT/s (potensial olaraq gələcəkdə daha yüksək sürət)
- Bant genişliyi: 25.6 GB/s – 67.2 GB/s
DDR5 RAM sadəcə 1.1V enerji səmərəliliyinə malikdir. Aşağı gərginlikli DDR5L versiyasında enerji istehlakı daha da azdır. DDR5, DDR4 ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksək məlumat sürəti təklif edir. Bu da intensiv məlumat tələb edən tətbiqlərdə daha yüksək performans deməkdir.
DDR5 modulları səfələrindən fərqli olaraq, hər DIMM üçün iki müstəqil 32-bit kanalla hazırlanmışdır ki, bu da məlumatlara çıxışın səmərəliliyini artırır. Məsəslən, DDR5 yaddaşından istifadə edən ASUS notebook’lar, 262 pinli SO-DIMM modulu ilə rəqibsizdir.
Son olaraq, onun hələki məğlubedilməz olduğu aşikardır. Ancaq texnologiya durmadan inkişaf edir. 2025-ci ildə istifadəçilərə tanıdılması gözlənilən DDR6 RAM onu necə üstələyəcək bu hamı üçün maraqlıdır. Samsung artıq DDR6 RAM-ını tamamlamaq üzərində işlədiyini elan edib.
Ümid edirik ki, DDR RAM Nədir? başlıqlı yazımız bir çox suala cavab tapmaqda sizə kömək etdi…
Maraqlı yazıdır, təşəkkür edirəm.